Məktub 12 noyabr 2021-ci il

Azərbaycan Respublikasının vitse-prezidenti

Mehriban xanım Əliyevaya

    

“Rəsulzadə - ev muzeyi” İctimai Qrupu  


Hörmətli Mehriban xanım,


Müraciətimizin məqsədini bildirməzdən əvvəl təmsil etdiyimiz qrup haqqında məlumatlı olmanızı lazım bilirik. Qarşısına Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və ilk dövlət başçısı, Azərbaycançılıq milli ideologiyasının yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin Bakı şəhərində ev – xatirə muzeyinin yaradılması vəzifəsini qoymuş “Rəsulzadə - ev muzeyi” İctimai Qrupu 2019-cu ilin noyabr ayında təsis edilmişdir və ölkəmizin görkəmli elm, mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərini, hüquq, media və gənclər qurumlarının nümayəndələrini, eləcə də diaspora təşkilatları qismində Rusiya, Almaniya, Fransa, İsveç, Norveç, İngiltərə, Hollandiya, Polşa, Ukrayna, Türkiyə, İran və digər ölkələrdə yaşayan soydaşlarımızı, Türkiyənin bir sıra  ictimai birliklərini və xadimlərini əhatə edir.  İlkin tərkibinə akademiklər, tanınmış diplomat və ictimai xadimlər, xalq artistləri, millət vəkilləri, onlarla elmlər doktorları, professorlar, alimlər, jurnalistlər, həmçinin xarici ölkələrin tanınmış alimləri və d., ümumən - 101 nəfər daxil olan Qrupumuzun üzvlərinin sayı keçən müddət ərzində xeyli artmışdır və artmaqda davam edir. 


2020-ci il 30-31 yanvar tarixlərində İctimai Qrupumuz tərəfindən keçirilən “Rəsulzadə irsi demokratiya, müstəqillik, dövlətçilik dəyərləri sistemində” I Beynəlxalq Elmi Konfransda 400-ə yaxın insan - üzvlərimiz,  8 xarici ölkədən tanınmış alimlər, digər hörmətli  qonaqlar, o cümlədən xarici ölkələrin səfirləri və nümayəndələri iştirak etmişlər. Bu beynəlxalq toplantı adından Rəsulzadənin Bakı şəhərində yaşadığı sonuncu mənzildə ev-xatirə muzeyinin yaradılması xahişi ilə Dövlət başçısı, Prezident cənab İlham Əliyevə və  I vitse-prezident kimi Sizə  ünvanlanmış Müraciət qəbul edilmişdir. Müraciət müsbət qarşılanmış və baxılmaq üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə göndərilmişdir. Nazirlik nümayəndələri ilə İctimai Qrupun Təşkilat Komitəsi arasında o vaxt başlanan danışıqlar pandemiya və nazirliyin rəhbərliyində baş verən dəyişikliklər səbəbindən müvəqqəti dayandırılsa da hazırda bərpa edilməkdədir. 


Bu ümumi məlumatdan sonra isə Sizə bilavasitə aşağıdakı xahişlə müraciət edirik. 


Bildiyiniz kimi öz ölkəsi, xalqı qarşısında böyük xidmətləri olmuş şəxslərin xatirələrinin əbədiləşdirilməsi kimi dünyada geniş yayılmış ənənələr sırasında həmin şəxslərin yaşadıqları evlərin, binaların qarşısına bu məlumatı əxz etdirən barelyeflərin vurulması ənənəsi bizim Bakı şəhərində də vardır. Bu sıradan onlarla elm, ədəbiyyat, incəsənət xadimlərinin hələ yalnız İstiqlal (keçmiş Kommunist) küçəsində, əsasən  Sovet Azərbaycanı dövrü siyasi xadimlərinin yaşadıqları binaların fasadlarına vurulmuş xatirə lövhələrini nümunə göstərmək olar.


Bu il Azərbaycan Respublikasının yenidən müstəqilliyə qovuşduğu, dövlət müstəqilliyinin bərpa olunduğu tarixin 30-cu ildönümü tamam oldu. Müasir Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmişdir və bu müddəa Konstitusiyamızda da öz ifadəsini tapmışdır. Ötən 30 il müddətində Azərbaycan Xalq Cümhuriyyətinin bəzi xadimlərinin də Bakı şəhərində yaşadıqları binalara xatirə lövhələri vurulmuşdur. Lakin Fətəli Xan Xoyski, Əhməd bəy Pepinov, Qarabəy Qarabəyov və digər Cümhuriyyət qurucularının məlum səbəblərdən az müddətdə yaşadıqları binalara da müvafiq lövhələr vurulduğu halda, Azərbaycan milli hərəkatının və dövlətçiliyinin əsas ideoloqu, Cümhuriyyət - Azərbaycançılıq ideologiyasını yaratmaqla bərabər onu həm də reallaşdıran, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri statusunda həmin respublikanın ilk dövlət başçısı kimi onun əsas dövlətçilik strukturlarının, o cümlədən Parlamentinin yaradılmasında və fəaliyyətinin yönəldilməsində müstəsna xidmətləri olan,  sonradan da bütün mühacirət həyatını Azərbaycanın istiqlalı uğrunda mübarizədə keçirən Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyət dövrü yaşadığı ünvanındakı – Bakı şəhəri, İslam Səfərli küçəsi 15 (keçmiş Vorontsovskaya küçəsi, 15) –  binanın üzərində hələ də heç bir nişanə, müvafiq xatirə lövhəsi- barelyef yoxdur.


Bu məsələyə Azərbaycan ictimaiyyətinin son dərəcə  həssas münasibətini nəzərə alaraq, eləcə də İctimai Qrupumuzun bu istiqamətdə apardığı işlər sırasında ilkin olaraq Sizin dəstəyinizlə  göstərilən ünvanda M.Ə.Rəsulzadənin yaşamış olduğunu əks etdirən lövhənin vurulacağına əminliyimizi ifadə edirik. Barelyefin hazırlanması və müvafiq binanın fasadında həkk edilməsi ilə bağlı bütün xərcləri İctimai Qrupumuz öz öhdəsinə götürür. 


Sizin adınızla gerçəkləşə biləcək bu iş həm də Azərbaycan dövlətçiliyinin varisliyinin ifadəsi və dövlətçilik işinə xidmət kimi qiymətləndiriləcək.     

      

Hörmətlə,

 

“Rəsulzadə ev muzeyi” İctimai Qrupu adından  

Təşkilat Komitəsinin sədri:

Solmaz Rüstəmova-Tohidi 

tarix üzrə elmlər doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi  


Məhəmməd Əmin Rəsulzadə ailəsi adından                                                                 

Rəis Rəsulzadə, 

Azərbaycanın əməkdar  rəssamı  


               

12 noyabr 2021-ci il.


Əlaqə üçün ünvan və telefon:

Solmaz Rüstəmova-Tohidi 

Bakı şəhəri, 1073,

Məmməd Rahim küçəsi, 

535-ci məhəllə, bl.1,mən.12,

Tel: 050 371 69 16;